Xaçmazın icra başçısı sakinləri riskə atır?

Xaçmazın icra başçısı sakinləri riskə atır?

PAYLAŞ:

Xaçmazlılar narahatdır: “Binanı penoplastla üzləyirlər. Görünür, 3 il əvvəl o qədər insanın faciəsiylə bitən hadisə bəzi məmurlara görk olmayıb. Axı, 15 nəfərin ölümünə səbəb olmuş bu penoplastdan istifadəyə qadağanı şəxsən prezident qoymuşdu. Necə olur ki, indi binaları yenidən bu materiallarla üzləməyə başlayırlar?”

Xaçmazda – Nəriman Nərimanov prospektindəki 74 saylı binanın penoplastla üzlənməsi sakinlərin narahatçılığına səbəb olub. Onlar danışırlar ki, 5 mərtəbəli, beş bloklu binanın qarşısından keçəndə 3 il əvvəl Binəqədidə baş vermiş və insan ölümü ilə nəticələnmiş yanğını xatırlayırlar. Anar Hüseynov: “Əvvəl sevindik ki, şəhərin mərkəzindəki binalar təmir olunur. Sonra gördük, yalnız görüntü üçün üzlük vurulur. Daha sonra bu üzlüyün binaların üzlənməsində istifadəsi yasaqlanmış materialdan olduğunu biləndə vahiməyə düşdük. Hansı məmur zəmanət verir ki, Binəqədi hadisəsi Xaçmazda da təkrarlanmayacaq? İnsanlar o binada necə rahat yaşaya biləcəklər? Bir faciə baş versə, kim cavab verəcək?”

Sakinlər üzlüyün sökülməsiylə bağlı Xaçmaz şəhər icra hakimiyyətinə müraciət ediblər. Lakin işlər əvvəlki qaydada davam edir. Artıq binanın xeyli hissəsi üzlənib. Xaçmaz şəhər icra hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov isə bildirib ki, binaya üzlük kimi vurulan penoplastın istifadəyə yararlığına dair Fövqəladə Hallar Nazirliyinin müsbət rəyi var:

– Bizdə sənədlər də var ki, o materiallardan istifadə etmək olar. İstəsəniz, sizə göndərə də bilərik.

– Binada hər hansı yanğın hadisəsi çıxarsa, insanların zərər çəkməyəcəyinə zəmanət verirsinizmi?

– Zəmanəti biz niyə veririk ki, nazirlik versin.

Ötən ilin sentyabrında Xaçmazın çoxmənzilli binalarının əsaslı təmiri üçün Prezidentin Ehtiyat Fondundan 3 milyon manat ayrılıb. Sakinlərsə iddia edirlər ki, məmurların binaları bir neçə dəfə ucuz başa gələn və təhlükəli üzlüklərlə üzləməkdə məqsədi ayrılmış pulların böyük qismini mənimsəməkdir.

COMMENTS