Prezident və ailəsi Rəfiqə Əliyevanın vida mərasiminə qatılıb – FOTOLAR

Prezident və ailəsi Rəfiqə Əliyevanın vida mərasiminə qatılıb – FOTOLAR

PAYLAŞ:

Tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, Əməkdar elm xadimi Rəfiqə Əliyeva dəfn olunub.

R.Əliyeva ilə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında keçirilib.

Nia.az xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Mərasimə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, hökumət və Milli Məclisin üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, akademik və professorlar, tanınmış mədəniyyət və elm xadimləri qatılıblar.

Vida mərasimindən sonra mərhum I Fəxri Xiyabanda torpağa tapşırılıb.

Xatırladaq ki, AMEA-nın dairəvi zalında keçirilən vida mərasimində alimlər, mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak edib.

Rəfiqə Əlirza qızı Əliyeva mayın 6-da ömrünün 85-ci ilində vəfat edib.

Azərbaycan prezidenti İlham Əliyevin bibisi Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb.

Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləmiş və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. O, 2001 ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.

Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib.

450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olub. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorları yetişdirilib.

Tanınmış kimyaçı alim Rəfiqə Əliyevanın məhsuldar elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.

COMMENTS