Neftin satişından hər bareldən 1 dollar Rövnəq Abdullayevindir

Neftin satişından hər bareldən 1 dollar Rövnəq Abdullayevindir

PAYLAŞ:

Azərbaycanın kağız üzərində Dövlət Neft Şirkəti adlanan SOCAR-ın başının üstünü qara buludlar alıb.Neftdən gələn gəlirlərin azalması fonunda şirkətdə aparılan yoxlamalar milyard dollarla vəsaitin büdcədən yayındırılması, Rövnəq Abdullayev və ona yaxın ətrafın cibinə axması ortaya çıxıb.

Xatırladaq ki, hələ ötən illərdə Rövnəq Abdullayevin öz qohumu Anar Əlizadənin başçılıq etdiyi “Socar Trading” şirkəti vasitəsilə Azərbaycan neftinin satışını necə təşkil etməsi yazılmış və böyük qalmaqala səbəb olmuşdu.

Global Witness təşkilatı yazırdı ki, Anar Əlizadə SOCAR-ın neftin satışı üzrə İsveçrədə yaradılmış törəmə şirkəti olan Socar Trading-ə etdiyi cəmi 5 milyon ABŞ dollar yatırımdan 118 milyon ABŞ dollar dəyərində mənfəət əldə edib – kifayət qədər fantastik bir yatırımdır, heç narkotik satışı da bu qədər pul qazandıra bilməz.

Mənbələr iddia edirdi ki, SOCAR Azərbaycan neftini nisbətən ucuz qiymətlə “Socar Trading”ə satır, sonuncu isə həmin nefti real, baha qiymətlə alıcılara sataraq, külli-miqdarda – milyardlarla dollar gəlir qazanırmış. Bu mexanizmin hələ bu gün də işlədiyini iddia edənlər var.

Maraqlısı odur ki, şirkətin adı DÖVLƏT Neft Şirkəti olsa da, bu gün insanlar SOCAR-ı daha çox Rövnəq Abdullayevin şəxsi biznesi kimi qəbul edirlər. Və bu da təəccüblü deyil.

Bu gün xaricə satılan Azərbaycan neftinin hər barelində Rövnəq müəllimin öz payı var – hər bareldən 1 dollar onun şəxsi qazancıdır. Ölkənin il ərzində satdığı neftin həcmini hesablayanda, ortaya kifayət qədər böyük rəqəm çıxır.

Bundan başqa, SOCAR prezidenti xaricdə açdırdığı hər nümayəndəlik, hər yanacaqdoldurma məntəqəsindən haqq alır. Xarici nümayəndəliklərin Azərbaycan neftinin satışı üzrə bağladıqları hər bir müqavilədə Rövnəq Abdullayevin toxunulmaz payı var. Bəzi hallarda bu pay hətta 20%-ə də çatır.

Ölkənin bu illər ərzində 100 milyard dollardan çox həcmdə neft satdığını nəzərə alsaq, Rövnəq müəllimin bu hesabda çox yox, ən azı 10%-ə barmaq qoyduğunu götürsək, ortaya nə az, nə çox – düz 10 milyard dollar vəsait çıxır. Bu 10 milyard dollar vəsait xalqın və dövlətin cibindən oğurlanıb Abdullayevin cibinə axıb.

Hələ bu harasıdır. Sən demə, Azərbaycan xalqının pulunu yeyən Abdullayev təkcə özünü yox, həm də Türkiyədə nurçular kimi tanınan Fətullah Gülən camaatına dəstək göstərir.

Türkiyə mətbuatının açıqladığı son məlumatlara görə, Fətullah Gülən Türkiyənin enerji bazarını ələ keçirmək üçün Rövnəq Abdullayevlə iş birliyi qurub, SOCAR-a öz adamlarını yerləşdirib.

Bu məqsədlə “paralel dövlət” SOCAR-da “Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb. Gülənçilər bu yolla Türkiyənin enerji sektorundan Ərdoğana yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq istəyir.

Ölkənin neft sektorunun vəziyyəti isə ağlamalıdır. Sovetlər vaxtında dünyada ad çıxarmış Azərbaycan neftçiləri bu gün özləri xaricilərin əlinə baxır. Heç kimə sirr deyil ki, ölkədə neftin əsas hissəsini SOCAR deyil, BP və digər şirkətlər çıxarır.

Rövnəq Abdullayevin şirkətə rəhbərliyə başladığı gündən SOCAR-da aparılan islahatlar bu gözü doymaq bilməyən adamın şəxsi maraqlarına yönəlib.

Azərbaycanın neft sənayesi o günə qalıb ki, bu gün ölkə – tarixdə neft istehsalçısı kimi ad çıxarmış məmləkət benzini xaricdən alır!

Bakıda Neft Emalı Zavodunun inkişafına 1 milyarda qədər vəsait yatırılsa da, ortada heç bir inkişaf yoxdur – benzin yenə də xaricdən alınır. Yeni zavodun tikintisi isə qeyri-müəyyən müddətə kimi uzanıb – ayrılan pulların böyük bir hissəsinin oğurlanması, neftin qiymətinin kəskin ucuzlaşması bu zavodun tikintisini sual altına qoyub.

Mənbə iddia edir ki, Abdullayevin milyardlıq yeyintiləri barədə dosye artıq dövlət rəhbərliyinə təqdim olunub. Ölkədə iqtisadi böhranın yaşandığı bir vaxtda yeni maliyyə mənbələrinə ehtiyac var və dövlət başçısı keçirdiyi son iclasda da bu barədə danışdı, yeni vergi mənbələri tapmağı tapşırdı. Və artıq belə bir maliyyə mənbəyi tapılıb – bəzi məlumatlara görə, əgər hökumət Rövnəq Abdullayevi, onun SOCAR-a yığdığı qohumlarını, Anar Əlizadə kimi şəriklərini silkələsə, dövlət büdcəsinə 10 milyard dollara yaxın vəsait yığıla bilər! İndi son söz ölkə rəhbərliyinindir!

EAN

COMMENTS