Misirdən İlham Əliyevin çıxışına xüsusi önəm – Foto

Misirdən İlham Əliyevin çıxışına xüsusi önəm – Foto

PAYLAŞ:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan “OIC Journal” jurnalında dərc olunan “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsi Misirin nüfuzlu Yaxın Şərq, “Asiaelyoum” xəbərlər agentliklərində, eləcə də geniş oxucu kütləsinə malik “Al-Masr Əl-Yaum”, Sada Əl-Bələd”, “Əl-Naşir” və “Əl-Livau Əl-İslami” qəzetlərində də dərc edilib.

Nia.az xəbər verir ki, məqalədə qədim tarixə, zəngin mədəni irsə, böyük təbii və insan resurslarına malik İslam aləminin müasir dünya nizamının, beynəlxalq münasibətlər sisteminin yaranması və inkişafında əhəmiyyətli rol oynadığı qeyd edilir. İslam dininin həmişə sülh, tolerantlıq, humanizm ideyalarını təlqin etmiş və dünya sivilizasiyasına sanballı töhfələr verdiyi vurğulanır.

1990-cı illərin əvvəllərində dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda din və vicdan azadlığının bərqərar olduğunu vurğulayan Prezident İlham Əliyev dini abidələrin, məscidlərin, ibadətgahların bərpası sahəsində mühüm işlər görüldüyünü, eyni zamanda, 25 illik müstəqilliyimiz dövründə Azərbaycanın bütün sahələrdə böyük uğurlara imza atdığını, son 10 ildə ölkənin bütün infrastrukturunun modernləşdirildiyini, enerji təhlükəsizliyinin tam, ərzaq təhlükəsizliyinin isə əsasən təmin edildiyini, yoxsulluq və işsizliyin səviyyəsinin 10 dəfə azalaraq 5 faizə düşdüyünü qeyd edir.

Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin qurulmasının və inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini bildirən dövlət başçısı Azərbaycanın ilk diplomatik missiyalarının məhz müsəlman ölkələrində fəaliyyətə başladığını, dövlətimizin qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrildiyini, Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı olduğunu diqqətə çatdırır.

Bu gün İslam aləminin ciddi çağırışlar, öz həllini gözləyən çoxsaylı problemlərlə üz-üzə olduğunu vurğulayan Prezident İlham Əliyev onların sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Fələstin və Kəşmir kimi problemlərini, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmaları, qaçqın böhranını və digər məsələləri qeyd edir, ermənilərin son 200 il ərzində Azərbaycanın tarixi torpaqlarını zəbt etmək və həmin ərazilərdə öz dövlətlərini qurmaq planlarını reallaşdırmaq məqsədilə qanlı aksiyalar həyata keçirdiyini, indiki Ermənistan dövlətinin də məhz Azərbaycanın əzəli torpaqlarında yaradıldığını bildirir.

Prezident İlham Əliyevin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesaj olduğunu, “İslam Həmrəyliyi İli”nin əsas məqsədlərinin müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərmək, habelə cari ilin mayında Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının təkcə idman yarışı deyil, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacağını vurğulaması məqalədə öz əksini tapıb.

COMMENTS