Millət vəkili 30 seçicisini Məşhədə göndərdi

Millət vəkili 30 seçicisini Məşhədə göndərdi

PAYLAŞ:

Bu gün Azərbaycan din və tolerantlıq mövzusunda dünya dövlətlərinə uğurlu model hesab olunur. İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət olan Azərbaycan nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirib, bir dövlət kimi öz imicinə çevirərək beynəlxalq miqyasa çıxarmağa çalışır. Ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Azərbaycana gələn mütəxəssislər dini tolerantlığı universal model kimi təqdim etməkdədir. Bu istiqamətdə prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri müstəsna əhəmiyyətə malikdir. Dünən açılışını etdiyimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi bu xidmətlərin ən gözəl nümunələrindən biri idi.
Sevindirici haldır ki, din və tolerantlıq mövzusunda ölkəmizin seçdiyi siyasi xətti hər bir Azərbaycan vətəndaşı dəstəkləyir və hər kəs bu istiqamətdə bir sıra işlər həyata keçirir. Dünən, məhz İslam Oyunlarının açılış mərasiminin keçirildiyi gün Milli Məclisin 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən seçilmiş deputatı Ağalar Vəliyev tərəfindən təqdirəlayiq bir addım atılıb.
Nia.az xəbər verir ki,Ağalar Vəliyevin seçicilərinin Moderator.az-a verdiyi məlumata görə, dünən Goranboy rayon ictimaiyyəti ilə görüş keçirilib. Görüşdə seçicilərlə yanaşı şəhid, milli qəhrəman ailələri də iştirak edib. Seçicilərin qayğıları, arzu və istəkləri öyrənildikdən sonra qərara alınıb ki, bu ay şəhid, milli qəhrəman ailələrindən olan 30 nəfər şəxs Məşhəd ziyarətinə göndərilsin. Bu ilin avqust ayında isə 5 nəfər şəxs müqəddəs Məkkə torpağına, Hacc ziyarətinə göndəriləcək.
Qeyd edək ki, deputat Ağalar Vəliyev tərəfindən ilk dəfə deyil ki, belə bir xeyirxah addım atılır. İslami dəyərlərə, həmçinin tolerantlığa yüksək qiymət verən deputat bütün dini bayramlar ərəfəsində rayon ictimaiyyəti, seçiciləri ilə görüşlər keçirir. Müqəddəs torpaqları görmək arzusunda olan, lakin maddi imkanı yol verməyən şəxslər Ağalar Vəliyev tərəfindən dəfələrlə Məşhəd, Kərbəla, Hacc ziyarətlərinə göndərilib. Gələcək illərdə də bu iş davam etdiriləcək, maddi imkanı əl verməyən hər bir kəs Ağalar Vəliyev tərəfindən ziyarətlərə göndəriləcək.
Biz də millət vəkilimizin bu addımını təqdir edirik. Ümid edirik ki, Azərbaycan dövlətinin din və tolerantlıqla bağlı siyasətinə öz töfhəsini verən millət vəkillərimizin bu kimi alqışa layiq işlərinin siyahısı daha da genişlənəcək.

COMMENTS