Kuba mediasında Azərbaycanın Milli Qurtuluş Günü ilə bağlı məqalələr dərc edilib

Kuba mediasında Azərbaycanın Milli Qurtuluş Günü ilə bağlı məqalələr dərc edilib

PAYLAŞ:

Kubanın nüfuzlu “Bohemia” jurnalı və ölkənin ən çox ziyarət olunan və istinad edilən internet resursu “EcuRed” elmi-kütləvi ensiklopediyasında 15 iyun – xalqımızın Milli Qurtuluş Günü ilə bağlı məqalələr yerləşdirilib.

Nia.az xəbər verir ki, məqalələrdə Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı çətinliklər və Ermənistanın işğalçılıq siyasəti barədə məlumat verilib, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edilib.

“Bohemia” jurnalında yer almış məqalənin müəllifi Maria Viktoria Valdes qeyd edir ki, hər il 15 iyun tarixini qardaş Azərbaycan xalqı və hökuməti Milli Qurtuluş Günü olaraq qeyd edir. Bildirilir ki, bu mühüm tarixi hadisə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı və onun Azərbaycanın dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi yolunda müstəsna xidmətləri ilə bağlıdır.

Azərbaycanın yaxın tarixindən bəhs edən müəllif ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindəki fəaliyyətindən də yazıb. Keçmiş SSRİ ərazisindəki dağıdıcı proseslərin xüsusi ilə Azərbaycana ağır təsir etdiyini vurğulayıb və M.Qorbaçovun yürütdüyü siyasətə Heydər Əliyev tərəfindən qəti etiraz olunduğunu bildirib.

Məqalələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzündən söz açılıb, Sovet İttifaqının süqutundan sonra 1991-ci ildə yeni müstəqillik qazanmış Azərbaycanın böyük çətinliklərlə üzləşdiyi qeyd edilib. Lakin ölkənin parçalanma və vətəndaş müharibəsi təhlükəsindən xilas olaraq, gələcək inkişafının təmin edilməsi məhz Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində Ali Sovetin sədri seçilməsindən sonra həyata keçirdiyi yorulmaz fəaliyyəti sayəsində mümkün olduğu diqqətə çatdırılıb. Bildirilib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına və gücləndirilməsinə nail olub, ölkənin milli inkişaf konsepsiyasının əsasını qoyub və Azərbaycanda qısa müdətdə siyasi-ictimai stabilliyin yaradılmasına nail olub.

Qeyd edilib ki, həmin dövrdən etibarən bu inkişaf yoluna sadiq qalmış müasir Azərbaycan hazırda suveren, demokratik, dünyəvi və hüquqi bir dövlətdir. Bu xüsusda vurğulanıb ki, beynəlxalq miqyasda tanınmış ərazilərinin indiyədək Ermənistanın hərbi işğalı altında olmasına baxmayaraq, Azərbaycan öz gücünə əmindir və gəlcəyə nikbin baxır.

“Bohemia” jurnalında dərc edilmiş məqalədə həmçinin Azərbaycanın iqtisadi inkişaf templəri haqda məlumat verilib. Cənubi Qafqaz regionu iqtisadiyyatının 80 faizinin məhz Azərbaycanın payına düşdüyü, habelə Xəzər dənizi regionunda mühüm maliyyə, iqtisadi, turizm və infrastruktur mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq miqyasda sərmayələr yatıran və humanitar yardımlar göstərən donor ölkə olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, cəmiyyətin bütün sahələrində uğurla inkişaf edən Azərbaycanda mövcud olan milli birlik və həmrəylik ideyaları da məhz görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının bəhrəsidir.

COMMENTS